Ətirlərdə “üst”, “ürək” və “baza” notları nəyi bildirir?

Ətir seçərkən tez-tez belə ifadələrlə rastlaşırıq: üst notlar, ürək notları, baza notları. Çoxları bunu sadəcə texniki təsvir kimi oxuyub keçir. Amma əslində bu bölgü ətirin necə yaşadığını, necə dəyişdiyininiyə bəzən ilk anda xoşumuza gəlib sonra başqa cür hiss olunduğunu izah edir.

Gəlin bunu laboratoriya dili ilə yox, insan dili ilə anladaq.

Üst notlar – ilk təəssürat deməkdir

Üst notlar ətirin dəriyə dəydiyi ilk an hiss etdirdiyi qoxulardır. Sən flakonu sıxdığın saniyələrdə burnuna gələn hiss — məhz budur.
Onlar adətən:

  • yüngül,
  • uçucu,
  • təravətli olur.

Sitruslar, bəzi meyvələr, aromatik bitkilər (limon, berqamot, nanə, lavanda və s.) çox vaxt üst notlarda yer alır. Bu notların işi diqqəti cəlb etməkdir. Amma bir məsələ var: üst notlar uzunömürlü deyil. Bir neçə dəqiqə, maksimum yarım saat içində səhnədən çəkilirlər.

Ona görə də ətiri ilk sıxıb “bu mənlik deyil” demək çox vaxt tələsik qərardır.

Ürək notları – ətirin xarakteridir

Üst notlar sakitləşəndən sonra ortaya çıxan qoxu ürək notlarıdır. Bu mərhələ ətirin “kim olduğunu” göstərir. Əgər üst notlar salamlaşmadırsa, ürək notları söhbətin özüdür.

Burada daha balanslı, dolğun və emosional notlar olur:

  • çiçəklər,
  • ədviyyələr,
  • bəzi meyvə və aromatik akkordlar.

Ətirin romantik, şəhvani, təmiz və ya tünd hiss edilməsi əsasən ürək notları ilə bağlıdır. Bu mərhələ bir neçə saat davam edə bilər və ətrafındakı insanların çoxu səni bu qoxu ilə tanıyır.

Ətirin “mənə yaraşır” və ya “yox, olmadı” qərarı adətən məhz burada verilir.

Baza notları – həmişə yadda qalan iz buraxır

Baza notları ətirin ən dərin qatıdır. Üst və ürək notları getdikdən sonra dəridə qalan, bəzən saatlarla, hətta günlərlə hiss edilən qoxu elə məhz budur.

Baza notları adətən:

  • ağır,
  • dərin,
  • sakit, amma təsirli olur.

Müşk, ənbər, vanil, ağac notları, dəri, qatranlar bu mərhələnin əsas oyunçularıdır. Baza notları ətirin qalıcı hissəsini, yəni sənin arxanda buraxdığın izi formalaşdırır.

İnsanların “sənin qoxun qalıb” deməsi çox vaxt məhz baza notları ilə bağlıdır.

Niyə bu bölgü vacibdir?

Çünki ətirin verdiyi qoxu heç vaxt sabit ola bilməz, çünki ətirin tərkibində bir yox, ən azı bir neçə inqrediyent olur. Bu da dəridə vaxtla açılan bir proses ilə qoxu yaradır.
Bir ətiri düzgün qiymətləndirmək üçün:

  • onu dəridə sınamaq,
  • ən azı 1–2 saat gözləmək,
  • xüsusilə baza mərhələsinə fikir vermək lazımdır.

Ətir ilk anda xoş gələ bilər, amma ürək notlarında yorucu ola bilər. Və ya əksinə — ilk dəqiqələrdə səni heyran etməsə də, bazada tam sənlik ola bilər.

Yadda saxlamaq lazımdır ki, üst notlar diqqəti çəkir, ürək notları münasibəti qurur, baza notları isə yadda qalır. Ətir seçərkən təkcə ilk hissə yox, bu üç mərhələnin birlikdə səndə nə yaratdığına baxmaq lazımdır. Çünki yaxşı ətir bir anlıq deyil, vaxtla danışan qoxudur.