Hamının təriflədiyi ətir niyə sizdə yaxşı qoxmur?

Ətir alanda insanların ən çox etdiyi səhvlərdən biri başqasının üzərində çox bəyəndiyi qoxunun özündə də eyni effekti verəcəyini düşünməsidir. Sosial şəbəkələrdə, mağaza rəylərində və ətir qruplarında bir ətir haqqında yüzlərlə tərif oxumaq mümkündür. Kimsə onu “mükəmməl”, “başgicəlləndirici”, “ən çox kompliment alan qoxu” adlandırır, başqası isə eyni ətiri öz dərisində ağır, yorucu və hətta xoşagəlməz hesab edir. Bu fərq ilk baxışda qəribə görünsə də, əslində ətrin kimdə necə qoxması son dərəcə fərdi məsələdir.

Ətir heç vaxt flakondakı halı ilə dəridəki halı arasında tam eyni qalmır. Şüşənin içində ideal görünən kompozisiya dəri ilə təmasdan sonra dəyişməyə başlayır. Burada əsas rol oynayan amillərdən biri dəri kimyasıdır. Hər insanın dərisinin turşuluq səviyyəsi, yağlılığı, rütubəti və istiliyi fərqlidir. Məhz buna görə də eyni ətir bir insanda kremli və yumşaq açıldığı halda, digərində kəskin, turş və ya boğucu hiss oluna bilər. Bu səbəbdən də başqasının üzərində zərif gələn bir qoxu, sizin dərinizdə tamamilə başqa xarakter ala bilər.

Bədən istiliyi də ətrin davranışına ciddi təsir edir. İsti dəridə notlar daha sürətli açılır, daha gur yayılır və bəzən lazım olandan artıq şirin və ya ağır hiss olunur. Soyuq dəridə isə eyni ətir daha sakit, daha qapalı, hətta bir qədər “ölü” təsir bağışlaya bilər. Yəni bir ətrin performansı və verdiyi aura təkcə formuldan yox, onu daşıyan bədənin verdiyi reaksiyadan da asılıdır.

Məsələnin başqa tərəfi isə hava və mövsüm faktorudur. Elə ətirlər var ki, qışda möhtəşəm görünür, amma yayda demək olar boğucu təsir yaradır. Xüsusilə vanilli, ambra yönümlü, müşklü və çox şirin kompozisiyalar isti havada daha sıx hiss olunur. Əksinə, sitrus, yaşıl və yüngül ağ çiçək notları soyuq havada öz parlaqlığını itirə bilər. İnsanlar çox vaxt bir ətri bəyənmədikdə onun özünü günahlandırırlar, halbuki problem sadəcə yanlış mövsüm və ya yanlış temperatur ola bilər.

Bir digər vacib məsələ isə dozadır. Hamının təriflədiyi bir ətiri siz bəlkə də sadəcə çox istifadə edirsiniz. Bəzi ətirlər bir-iki sıxımda zərif və cəlbedici olur, amma bir az artıq istifadə edildikdə dərhal aqressiv, yorucu və həddən artıq dominant təsir bağışlayır. Xüsusilə niche seqmentdə olan, yüksək yayılım və qalıcılığa sahib kompozisiyalar dozaya qarşı çox həssas olur. Yəni problem bəzən ətrin özündə yox, onun necə istifadə olunmasındadır.

Burada psixoloji faktor da az rol oynamır. İnsan bir ətri çox tərif eşidərək aldıqda, şüuraltı olaraq ondan böyük bir möcüzə gözləyir. Lakin real təcrübə bu gözlənti ilə üst-üstə düşməyəndə, həmin qoxu olduğundan daha zəif və ya daha xoşagəlməz qəbul edilir. Başqa sözlə, ətirdən zövq almağa bəzən qoxunun özü yox, onun haqqında əvvəlcədən yaradılmış mif mane olur.

Eyni zamanda, qoxu yaddaşı da çox güclü faktordur. Bəzi notlar sizdə fərqində olmadan hansısa insanı, məkanı və ya dövrü xatırlada bilər. Məsələn, pudralı iris birinə “lüks” hissi verirsə, başqasına köhnə kosmetika çantasını xatırlada bilər. Güclü müşk bir insanda seksual və təmiz aura yaradırsa, digərində xəstəxana və ya sintetik sabun assosiasiyası oyada bilər. Bu səbəbdən də bir ətrin gözəl və ya çirkin sayılması təkcə texniki yox, emosional məsələdir.

Hamının sevdiyi ətirin sizdə yaxşı qoxmamasının bir səbəbi də odur ki, hər ətrin bir “daşıyıcı tipi” var. Bəzi qoxular daha sərt xarakterli, soyuq aura verən, bəziləri isə daha yumşaq, səmimi və romantik enerji ilə uyğunlaşır. Ətir bəzən sadəcə sizə “oturmur”. Bu, sizin zövqsüz olduğunuz anlamına gəlmir. Sadəcə həmin kompozisiyanın verdiyi mesaj sizin bədən diliniz, tərziniz və ümumi enerjinizlə üst-üstə düşmür.

Məhz buna görə də ətir seçimi heç vaxt yalnız rəylərə əsaslanmamalıdır. Kimsənin “əfsanəvi”, “ən seksual”, “ən kompliment yığan” dediyi qoxu sizdə tam əks effekt yarada bilər. Ən doğru yol ətri öz dərinizdə yoxlamaq, ona zaman vermək və onu ilk 5 dəqiqəyə görə yox, açılış, ürək və baza mərhələləri ilə birlikdə qiymətləndirməkdir.

Sonda isə ən vacib həqiqət budur: yaxşı ətir hamının bəyəndiyi ətir deyil. Yaxşı ətir sizdə yaxşı işləyən, sizin dərinizdə gözəl açılan və sizin xarakterinizi tamamlayan qoxudur. Çünki ətir kütləvi tərif obyekti olmaqdan çox, şəxsi uyğunluq məsələsidir. Başqasının üzərində möhtəşəm olan qoxu sizdə zəif görünə bilər, amma sizin “adi” saydığınız bir ətir məhz sizin dərinizdə unudulmaz imzaya çevrilə bilər.