Niyə bəzi ətirlər zaman keçdikcə spirt qoxusu verir?

Dostlar, bəzən siz set şəklində deluxe keyfiyyətdə çoxlu ətir alırsınız. İlk aldığınızda istifadə edib görürsünüz ki, ətir keyfiyyətlidir, bütün notlar qaydasındadır. Ətiri təlimata uyğun şəkildə, yəni qapalı, qaranlıq, sərin yerdə saxladığınıza baxmayaraq 3-4 aydan sonra həmin ətirləri istifadə edəndə baxıb görürsünüz ki, ətir əvəzinə kəskin spirt, zoğal arağı yaxud lateks qoxusu gəlir. Ən qəribəsi isə budur ki, əvvəllər hiss etdiyiniz vanil, oud, müşk, amber və digər gözəl notlar sanki yoxa çıxır. Bəs bu niyə baş verir?

Əslində bu, parfumeriyada kifayət qədər tanınan və kimyəvi balansın pozulması ilə əlaqəli problemdir. Xüsusilə yağ əsaslı ərəb ətirləri ilə spirt əsaslı “parfüm suyu” qarışdırıldıqda zaman keçdikcə formulun strukturu dağılmağa başlayır. İlk günlərdə hər şey normal görünə bilər. Hətta qarışıq ilk istifadədə çox uğurlu təsir bağışlayır. Amma bir neçə ay keçəndən sonra qoxunun “ruhunun uçub getdiyi” hiss olunur. Bunun səbəbi odur ki, yağ əsaslı aromatik molekullar spirt mühitində həmişə stabil qala bilmir, strukturu dəyişir. Nəticədə ağır və gözəl notlar zəifləyir, onların yerinə isə daha sərt və uçucu molekullar ön plana çıxır. İnsan bunu çox vaxt “araq iyi”, “spirt”, “dərman” və ya “rezin” effekti kimi hiss edir.

Bu problem xüsusilə ud, vanil, müşk, amber və qatranlı notlarda daha çox müşahidə olunur. Çünki bu tip ağır notlar yağ mühitində daha stabil işləyir. Spirt balansı artıq olanda və ya qarışıq düzgün homogen olmayanda formul yavaş-yavaş parçalanmağa başlayır. Əgər istifadə olunan etanol keyfiyyətsizdirsə və ya uyğun “perfumer’s alcohol” deyilsə, vəziyyət daha da pisləşir. Tibbi spirt, texniki etanol və ya denaturat tipli məhsullar aromanı öldürərək yalnız kəskin alkoqol hissəsini saxlayır.

Digər vacib məsələ isə “macerasiya” deyilən prosesdir. Normalda peşəkar ətirlər aylarla xüsusi şəraitdə saxlanılır ki, notlar bir-biri ilə tam uyğunlaşsın. Amma siz sonradan hazır parfümə yağ əlavə etdikdə bu balans pozulur. Üst və orta notlar çökür, geridə isə yalnız sərt baza molekulları qalır. Buna görə də əvvəllər “şirin və isti” gələn qoxu bir müddət sonra xəstəxana spirti, lateks və ya zoğal arağı effekti verməyə başlayır.

Bu problem xüsusilə Bakkarat, Şeyx, Bois Imperial, Limensayt tipli həssas formulalı ətirlərdə daha çox rast gəlinir. Çünki bu kompozisiya ultra balanslı sintetik molekullar üzərində qurulub: ambroksan, zəfəran, lavanda, etil və ənbər molekulları arasında çox incə kimyəvi tarazlıq var. Qarışıq pozulanda ilk dağılan da məhz həmin balans olur. Nəticədə ətirin məşhur “yanmış şəkər və isti ənbər” effekti yox olur, yerinə steril spirt, metalik hava və “klinika iyi”nə bənzər qoxu alır. Maraqlıdır ki, orijinal Baccarat Rouge 540-un özü belə bəzi insanlarda sarğı bezi, lateks və mineral notlar kimi hiss olunur. Qarışıq düzgün olmadıqda isə bu effekt daha da güclənir.

Biz tövsiyə edərdik ki, çalışın ətir alarkən çox sayda yox, istifadə edə biləcəyiniz sayda əldə edin. Çünki bir çox insan düşünür ki, münasib qiymət düşən zaman nə qədər çox ətir alarsa, bir o qədər özü üçün “ehtiyat” baza yaratmış olar. Halbuki parfumeriyada vəziyyət tam əksidir. Ətir, xüsusilə də yağ əsaslı və deluxe tipli kompozisiyalar uzun müddət istifadə olunmadıqda zamanla öz ilkin balansını itirməyə başlayır. Şüşə açıldıqdan sonra içəridə yaranan hava boşluğu, temperatur dəyişiklikləri və molekulların oksidləşməsi nəticəsində qoxunun xarakteri tədricən dəyişə bilir.

Bəs belə vəziyyətdə nə etmək olar? Tam bərpa həmişə mümkün olmasa da, bəzi hallarda qarışığı xilas etmək olur. Ən təhlükəsiz üsul şüşəni 2-6 həftə qaranlıq və sərin yerdə saxlayaraq yenidən “oturmasına” imkan verməkdir. Bəzən macerasiya yenidən formalaşır və sərt spirt hissi azalır. Digər üsul isə çox az miqdarda uyğun aroma yağı əlavə etməkdir. Məsələn, anbər tipli kompozisiyaya bir neçə damcı vanil, benzoin və ya yumşaq müşk əlavə etmək balansı qismən qaytara bilər. Amma burada həddən artıq əlavə etmək vəziyyəti daha da pisləşdirə bilər.

Bu problem bəzi parfümerlərin xüsusi qarışımlarında özünü daha qabarıq göstərir. Gəlin razılaşaq ki, hər ətir qarışdırılmaq üçün yaradılmır. Xüsusilə bəzi niş və laborator balanslı DNA-lar — məsələn Baccarat Rouge 540, Rosendo Mateu, Şeyx kimi kompozisiyalar — ərəb yağları kimi “qat götürmür”. Onlar artıq fabrikdə ideal tarazlıqla hazırlanır. Sonradan edilən müdaxilə isə həmin balansı pozur. Elə buna görə də bir çox peşəkar əttarlar bu tip ətirləri başqa yağlarla qarışdırmağı məsləhət görmür.

Nəticədə problem əslində ətirin “saxtalaşması” yox, formulun kimyəvi olaraq yorulması və orjinal balansın itirilməsidir. Yəni ilk aylarda sizi valeh edən qoxu zaman keçdikcə tamamilə başqa bir qoxuya çevrilə bilər. Qeyd edək ki, analoji problem keyfiyyətli parfüm suyunun (spirt tərlibli, xüsusi ətir qatqısı olan parfüm suları) istiafdəsi zamanı da meydana gələ bilər. Ona görə də Qoxu.az olaraq iysiz və yüksək keyfiyyətli parfüm sularından istifadə etməyinizi tövsiyə edirik.

Ətir həvəskarları klubu

Müzakirə et, işlətmədiyin ətirləri barter et və yeni qoxular kəşf et.