İsti havada bir gün keçirmisən, axşam isə hiss edirsən ki, gün ərzində vurduğun ətirdən əsər-əlamət qalmayıb, əvəzində qəribə bir qoxu yaranıb. İlk reaksiya adətən belə olur: “çox tərlədim deyə belə oldu”. Amma maraqlı fakt budur ki, əslində tərin özü qoxusuzdur.
Bəli, tər qoxmur. Qoxunu yaradan onun dəridəki bakteriyalarla “reaksiyaya girməsidir”. Yəni sən gün ərzində tər istehsal edirsən, bakteriyalar isə bunu “parçalayaraq” qoxuya çevirir. Bu, bir növ görünməyən kimyəvi prosesdir.
Daha maraqlısı: hamı eyni cür qoxmur. Eyni hava, eyni şərait, eyni ətir — amma iki fərqli insan tam başqa qoxu verə bilər. Bunun səbəbi sənin bədən “imzan”dır: genetika, dəri bakteriyaları və hətta nə yediyin.
Tər niyə qoxu verir?
İnsan bədənində əsasən iki tip tər vəzisi fəaliyyət göstərir: ekrin və apokrin vəzilər. Ekrin vəzilər bədənin temperaturunu tənzimləyir və daha çox su əsaslı, demək olar ki, qoxusuz tər ifraz edir. Apokrin vəzilər isə daha çox qoltuqaltı və digər həssas bölgələrdə yerləşir və daha “zəngin tərkibli” ifrazat yaradır. Məhz bu ifrazat dəridəki bakteriyalarla qarşılaşanda parçalanır və nəticədə bizə tanış olan tər qoxusu yaranır.
Qoxuya təsir edən amillər
Tər qoxusu hər insanda fərqlidir və bu, təsadüfi deyil. Buna bir neçə faktor təsir edir:
Genetika — hər insanın bədən kimyası fərqlidir
Dəri mikroflorası — bakteriyaların tipi və miqdarı
Qidalanma — xüsusilə ədviyyəli və ağır qidalar
Gigiyena — təmizlik səviyyəsi
Ətraf mühit — temperatur, rütubət və hava şəraiti
Məsələn, bəzi qidalar (sarımsaq, soğan, ədviyyatlar) tərin tərkibini dəyişərək qoxunu daha kəskin edə bilər.
Ətir və tər qoxusunun uyğunlaşması
Burada ən vacib məsələ ondan ibarətdir ki, ətir tər qoxusunu “yox etmir”, sadəcə onunla qarışır. Əgər düzgün ətir seçilməzsə, nəticə daha pis ola bilər. Məsələn: Şirin və ağır qoxular (vanil, karamel tipli) tər qoxusu ilə qarışdıqda daha boğucu effekt yarada bilər. Çox şərq tipli, qalın kompozisiyalar isti havada daha da ağırlaşır.
Əvəzində isə:
Sitrus notlar (limon, berqamot) daha təravətli hiss yaradır.
Yaşıl və ot notları təmiz effekt verir.
Yüngül akvatik və ya sabunsu qoxular daha uyğun seçim olur.
Bəs doğru yanaşma necə olmalıdı?
Ətir seçərkən yalnız qoxunun özünə yox, həm də şəraitə baxmaq lazımdır. Xüsusilə isti havalarda. Daha yüngül və təmiz kompozisiyalara üstünlük ver. Ətiri təmiz dəriyə tətbiq et. Çox dozadan qaç. Azacıq, amma düzgün istifadə daha effektlidir. Unutmayaq ki, tərləmək normaldır və bu, sağlam bədənin göstəricisidir. Amma qoxunun necə formalaşdığını anlamaq düzgün ətir seçimi üçün çox vacibdir. Ətir də yalnız “gözəl qoxmaq” üçün deyil, həm də bədən kimyan ilə uyğunlaşmaq üçündür. Doğru seçim etdikdə isə həm tər qoxusunu balanslaşdırmaq, həm də gün boyu özünü daha rahat hiss etmək mümkündür.
Ətir həvəskarları klubu
Müzakirə et, işlətmədiyin ətirləri barter et və yeni qoxular kəşf et.

