Son illərdə niche parfumeriya dünyasında ən çox müzakirə olunan adlardan biri də şübhəsiz ki, Orto Parisi – Megamare olub. Sosial şəbəkələrdə, TikTok videolarında və ətir forumlarında bu qoxu haqqında saysız-hesabsız paylaşımlar edilir. Hətta bir çox insan artıq onu sadəcə ətir kimi yox, ayrıca bir fenomen kimi qəbul edir. Bəs “Megamare” niyə bu qədər baha satılır və niyə onun ətrafında bu qədər böyük maraq yaranıb?
Əlbəttə, bunun səbəblərindən biri reklamın və sosial media haypının (hype) çox güclü işləməsidir. Son illərdə xüsusilə niche parfumeriya sevən kontent yaradıcıları “Megamare” haqqında elə bir aura formalaşdırıblar ki, bu ətir müəyyən mənada “əldə olunmalı kolleksiya məhsulu” statusu qazanıb. İnsanlar onun haqqında “bir dəfə vurdunsa, günlərlə qalır”, “bütün otaq hiss edir”, “dənizin özü kimi qoxur” kimi ifadələr işlətməyə başlayıblar. Bu da təbii olaraq marağı və qiyməti artırıb.
Amma əsas səbəb təkcə reklam deyil. Əsas səbəb budur ki, Orto Parisi bir müddətdən sonra “Megamare” xəttinin istehsalını və bazara çıxışını əvvəlki qədər aktiv davam etdirmədi. Məhz bu məqamdan sonra bazarda klassik niş (niche) effektlərindən biri baş verdi: məhsulun ətrafında “çatışmazlıq” və “tapılmama” psixologiyası formalaşdı.
Gəlin razılaşaq ki, niş parfumeriya dünyasında bəzi qoxular məhz az tapıldığı üçün daha çox arzulanan hala gəlir. İnsan psixologiyası belədir: hər yerdə olan məhsul müəyyən müddətdən sonra adi görünməyə başlayır, amma tapılması çətin olan məhsul isə avtomatik olaraq daha “dəyərli” qəbul edilir. buna misal olaraq Dolce & Gabbana — Discontinued ətirini göstərmək olar. “Megamare” ilə də tam olaraq bu baş verdi.
Bu ətirin öz qoxu strukturu da onu adi dəniz qoxularından fərqləndirir. Əksər “dəniz” qoxulu ətirlər təmiz, yüngül və sitrus ağırlıqlı olur. “Megamare” isə tam əks istiqamətdə hərəkət edir. Burada dəniz duzu, yosun, metalik notlar və rütubətli hava hissi o qədər güclü verilib ki, bir çox insan onu “okeanın ortasında fırtına” hissinə bənzədir. Bu səbəbdən də o, klassik fresh ətir yox, daha çox atmosfer yaradan bir kompozisiya kimi qəbul edilir.
Ətirin bu qədər məşhurlaşmasının digər səbəbi isə onun inanılmaz performansıdır. Bir çox istifadəçi “Megamare”nin paltarda günlərlə, bəzən hətta həftələrlə qaldığını iddia edir. Bu isə artıq ətiri sadəcə qoxu yox, müəyyən mənada “güc nümayişi” vasitəsinə çevirir. Xüsusilə niş auditoriyada performans anlayışı çox böyük rol oynadığı üçün “Megamare” bu mövzuda əfsanə statusu qazanıb.
Maraqlıdır ki, bu ətiri sevənlər qədər, sevməyənlər də çoxdur. Çünki, “Megamare” hamının xoşuna gələcək təhlükəsiz kompozisiyaya malik deyil. O, kəskin, duzlu, metalik və bir qədər aqressiv xarakter daşıyır. Amma məhz bu səbəbdən də belə çox fərqlənir.
Elə buna görə də “Megamare” kolleksiyaçılar və parfumeriya həvəskarları arasında «bahalı status» göstəricisi kimi qəbul olunur. Onun baha satılmasının səbəbi də təkcə qoxusu deyil. Burada reklam, istehsalın dayandırılması, performans və ətrafında yaradılan mistik aura birlikdə işləyir. Nəticədə isə “Megamare” adi bir ətirdən çıxıb və parfumeriya dünyasının ən çox danışılan və ən çox axtarılan qoxularından birinə çevrilib.
Ətir həvəskarları klubu
Müzakirə et, işlətmədiyin ətirləri barter et və yeni qoxular kəşf et.

